Həmin səhnə,
həmin zal...
Amma əlli il bu səhnənin
yaraşığı, bu zalın “anşlaq”ı olmuş
Hökümə Qurbanovasız...
Otuz beş ildir bura onsuzdur, o, burasız. Sənət
hökmlü Höküməsiz. Kleopatra energetikasız.
Hermiona işvəkarlığısız. Tamara, Nataşa bənzərsizliyisiz.
Yeva Qrant, Vasantasena, Südabə, Bənövşə... rəngarəngliyisiz.
Büllur səs-səda cingiltilərisiz. Ürək
çırpıntılı, can-ciyər süzgəcli
sözlərsiz. Hərəkətin sənət hərəkatlığısız.
Şimşək çaxışına timsal
baxışlarsız, zəngulə analoqlu gülüşlərsiz,
qızılgül qönçələrinə təşbeh
təbəssümlərsiz...
Bu fikir-qənaətləri 11 iyun
axşamı Füzuli meydanında iki bir-üç bir gəzişənlərin
söhbət və düşüncələrindən
ümumiləşdirilmiş çıxarış da hesab etmək
olar. Onların arasında otuz-qırx il öncələrədək
buraya, daha dəqiqi, bu meydandan bir boy yuxarıda yerləşən
binaya - o vaxtlar “sənət məbədi” adıyla da nişan
verilən Akademik Milli Dram Teatrına gəlib-getmişlər -
deməli, yaşlılar, ahıllar, qocalar daha çoxdur. Və
deməli, buradakılar arasında bu axşamkı olaydan xəbəri
olmayanlara və elə bu subyektiv səbəbdən də -
“teatr qocalıb” deyənlərə - belə də gələ
bilərdi ki, tamaşaçı da qocalıb...
Amma yox, əks-arqumentlilərin əllərindəki
təzə-tər çiçəklər, atüstü
qaynar dialoqlar, dəb geyimlər, şıq yerişlər,
şax baxışlar, şux maraqlar göstərir ki, nə
140 illik teatrımız qocalıb, nə milli müstəqillik
ruhlu tamaşaçımız, nə də 100 yaşlı
Hökümə xanım Qurbanovamız!
Saat 19:00. Zal da dolu, xəyallar da.
Zal adamlarla, xəyallar sevgi ilə, məhəbbətlə. Bu
cəm şəkilçiləri elə-belədən deyil;
axı, Hökümə xanımı misilsiz sənətkar
kimi də seviblər, vətəndaş-sənətkar kimi də,
həyat yoldaşı, ana, rəfiqə, tərəf-müqabil
və... sadəcə, füsunkar qadın, nazəndə
gözəl kimi də!..
Zaldan səhnəyə sürəkli
alqışlardan əvvəl də, bir an sonra da elə bir
sükut ki... onun ruhu şirmayı pərdələr
alnına bənd edilmiş şəkilləri yanında cismi
kimi canlanır, səsi xəyal-xəyal, pərdə-pərdə
eşidilir.
Tədbirin rejissor mizanlarına
uyğun alınan bu təbii-sehrli anlardan sonra mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev səhnəyə
dəvət edilir. Yığıncaq
iştirakçılarını salamlayıb, möhtəşəm
yubiley tədbirini açıq elan edən natiq sözünə
misilsiz sənətkarımızın ömür yolundan
başlayır. Qeyd edir ki, Hökümə Qurbanova öz ətrafının,
ustad teatr-səhnə xadimlərinin və nəhayət,
aktyorluq, sənətkarlıq qabiliyyətinin məhək
daşı olan tamaşaçıların diqqətini ən
tez, ən erkən yaşlarındanca cəlb etmiş
aktrisamız olub. Cəmisi iyirmi yaşında - tələbə
ikən Cəfər Cabbarlı kimi nəhəng, bani
dramaturqumuzun onu “Almaz” filmində Yaxşı roluna dəvət
etməsi faktının özü bu baxımdan az söz
demir.
Ədalət Vəliyev
Hökümə Qurbanova fenomeni haqda fikrini onun 55 illik çox
məhsuldar ömründə yaratdığı təkrarsız
obrazlar barədə konseptual, bəzi məqamlarda fraqmental
qeydlərlə davam etdirir. Azərbaycan Prezidenti İlham
Əliyevin “Hökümə Qurbanovanın 100 illik yubileyi
haqqında” 2013-cü il 4 mart tarixli sərəncamına
uyğun olaraq keçirilən bu təntənəli tədbiri
böyük səhnə ulduzumuzun, “birincilərin birinci
sırasında olanımızın” əməyinə və
xatirəsinə verilən yüksək qiymət kimi dəyərləndirir.
Sonra səhnəyə görkəmli
sənətşünas, professor Məryəm Əlizadə dəvət
edilir. O, Hökümə xanımla dəfələrlə
görüşməsi, onun həmsöhbəti,
çağdaşı, peşə baxımından həm
“uzaq”, həm yaxın həmkarı olmasından, onun “bax, bax,
bu səhnədə(!)” yaratdığı bənzərsiz
rollarından danışır. “Hökümə xanım
ehtiraslar aktrisası, sənət alovları daşıyıcısı
və saçıcısı idi. O, səhnəyə qədəm
qoyduğu gündən zirvələrə doğru hərəkət
edib. O, bəzən trafaret kimi səslənən və səsləndirilən
“forma ilə məzmunun vəhdəti” fikrini öz oyun, səs,
geyim, mahiyyət elementlərilə büsbütün
reallaşdırırdı. O, Adil İsgəndərov, Tofiq
Kazımov kimi səhnə-quruluş korifeylərinin bərqərar-güvənc
yeri idi. Hələ mən onun 1964-cü ildə lentə
alındığı Kleopatrasına bəstəkarlıq və
rəssamlıq etmiş dahiləri - Qara Qarayev və Tahir
Salahovu demirəm!”
“Demirəm” desə də,
Hökümə Qurbanova zirvəsində çox gəzişən
Məryəm xanım çıxışını
“...ölüm də onun ifasında bir qələbə, bir bənzərsizlik
idi” fikrilə bitirir.
Səhnədə cərəyan edən
növbəti mizan-düzənlər, kino-tele kadrlardan
parçalar, vaxtilə Hökümə xanımla tərəf-müqabil
və ya ötəri yaradıcılıq ünsiyyətində
olmuş bugünkü məşhurların və səhnə
“yeniyetmə”lərinin çıxışları, yubilyar
rollarından “iqtibas” traktlar bir daha təsdiq edir ki,
ölüm də Hökümə Qurbanovanın ifasında qələbə
imiş. Əlbəttə, son “rol”, son qələbə...
Bütün bu
çıxışlar, cari oyunlar, rollar, obrazlar elə məxsusi
bir təhər-tövrdə canlandırılır ki, sanki
bütün bunların müəllifi də, rejissoru,
aktyor-aktrisası da elə sabiq oyunçu, rolçu,
obrazçı Hökümə Qurbanova özü imiş.
Deməli, nə? Deməli, tədbirin rejissoru -
Naxçıvan MR-in Əməkdar incəsənət xadimi
Mehriban Ələkbərzadə hədəfi kamil ovçu sənətkarlığı
ilə nişan alıb.
Xalq artistləri Ramiz Məlik və
Ramiz Novruzun Hökümə xanım haqqında
çıxışları gah minor monoloq, gah major dialoq kimi səslənir.
Bu kolorital-kaleydoskopial sözlər, xatirəvi nüanslar,
hisslər, sığallı yumor, qoğallı atmacalar
ayrıca-alayıca bir mini teatr-tamaşa...
Xalq artisti Fuad Poladov həmişə
hökmü-hakim kimi, fateh sayağı
göründüyü səhnəyə bu dəfə “şəyird”
görkəmində çıxır. Bu görkəm onun “Elə
bilirəm, bu dəqiqə Hökümə xanım da əyləşib
zalda...” - nəqlisini tam əqli bir fikir kimi
çatdırır və əlavə edir -
“...çantasını açıb, eynəyini taxır və
baxır... Baxır ki, “görüm, nə
danışacaqlar?..” Nə danışasıyıq ki, onun
özgür-özlüyünə bab olsun. Aktrisalar
çılğınlığı, sevgini, nifrəti - hər
şeyi oynaya, hər nüansı verə biliblər və
bunları bundan sonra da edə biləcəklər. Bəs,
Hökümə Qurbanova plastikasını?!.”
Sonrakı çıxışlar,
kino-telelentlər, retro-səhnə parçaları da
çox şey dedilər, çox duyğular oyatdılar,
zaldakıları “1933-1988” tarixinin sənət-səhnə
coğrafiyasına çox ekskurs etdirdilər. Bunların
hamısının yönünü bir cümləlik
yığcamlığa yönəltsək, belə
yazılar: Hökümə Qurbanova iki “5”lik - 55 illik bir sənət
erası yaradıb getdi və ilk yüzilliyinə bu sevgi ilə
gəlib yetdi...
Hələ səhnədə
danışanlar var. Bu çıxışlar, yubilyarın
ekran sədaları eşidildikcə, zaldakıların
qaşları muğam məqamlarına huş-guş
edirmiş kimi çatılıb-yatılır...
Hökümə xanım isə
axırıncı kinolentin lap son kadrında qrim otağında
məşşateyi-fırça ilə qaşlarını
düzəldir. Özü də məşhur “qaş düzəltdiyi
yerdə...” zərb-məsəlindəki zərərdidə
orqanların sevinc və fərəh dolu nəzərləri
altında...
Tahir
Abbaslı
Mədəniyyət.- 2013.- 14 iyun.-
S. 7.